“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

“SmarTech-I” Yaşıl və Ağıllı gələcək naminə İnnovasiyalar müsabiqəsi keçirilib

News Image

“SmarTech-I” Yaşıl və Ağıllı gələcək naminə İnnovasiyalar müsabiqəsi keçirilib

Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecində “Yaşıl və Ağıllı gələcək naminə İnnovasiyalar” şüarı ilə “SmarTech-I” innovasiya müsabiqəsinin final mərhələsi keçirilib.

Gənclərin innovativ düşüncəsinin, texnoloji bacarıqlarının və yaradıcı ideyalarının nümayiş etdirilməsi məqsədi daşıyan müsabiqədə müxtəlif təhsil müəssisələrini təmsil edən komandalar hazırladıqları layihə və prototipləri təqdim ediblər.

Tədbir çərçivəsində Sumqayıt Dövlət Universitetinin rektoru professor Nurəli Yusifbəyli və Sumqayıt Dövlət Texniki Kollecinin direktoru kimya üzrə fəlsəfə doktoru Əsmər Vəliyeva gənclərə xoş arzularını çatdıraraq, onların innovativ ideyalarının və təşəbbüslərinin dəstəklənməsinin vacibliyini vurğulayıblar. Çıxışlarda gənclərin yaratdığı layihələrə verilən dəyər, onların inkişafına göstərilən diqqət və gələcəyin innovatorlarının formalaşmasında belə təşəbbüslərin rolu xüsusi qeyd olunub.

Müsabiqənin keçirilməsinə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının göstərdiyi dəstək də xüsusi əhəmiyyət daşıyıb. Gənclərin yaradıcılıq və innovasiya fəaliyyətinin təşviqinə, onların yeni ideyalarının dəstəklənməsinə yönələn bu cür təşəbbüslərə verilən dəstək müsabiqənin təşkilati baxımdan uğurla həyata keçirilməsinə töhfə verib.

Final mərhələsində iştirakçılar hazırladıqları innovativ layihə və prototipləri təqdim edərək öz ideyalarını münsiflər heyətinə nümayiş etdiriblər. Layihələr innovativlik, praktiki əhəmiyyət, texnoloji həll və təqdimat bacarığı kimi meyarlar əsasında qiymətləndirilib.

“SmarTech-I” gənclərin yalnız öz ideyalarını nümayiş etdirdiyi deyil, həm də bir-birindən öyrəndiyi, yeni əlaqələr qurduğu və gələcək layihələr üçün motivasiya qazandığı platformaya çevrilib.

Tədbirin sonunda fərqlənən komandalar mükafatlandırılıb. Müsabiqə gənclərin yaradıcılıq və təşəbbüskarlıq potensialının üzə çıxarılması, innovativ düşüncənin təşviqi və müasir texnologiyalara marağın artırılması baxımından əhəmiyyətli təşəbbüs kimi yadda qalıb.

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

News Image

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.


Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.


Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.


Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.


Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.


ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək. 


“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.


Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında  Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib. 


Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.


Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.


Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.


ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.


Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.


Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.


Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.


Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.


Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.


Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər


Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.


Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.


Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.


Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.


Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.


Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.


Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.


Yarışlar avqustun 30-dək davam edəcək.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş olimpiada keçirilmışdir.

News Image

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş olimpiada keçirilmışdir.

Sumqayıt Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kolleci PHŞ tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş olimpiadanın final mərhələsi keçirilib. Final mərhələsində iştirak edən və bilik-bacarıqları ilə fərqlənən tələbələr arasından I, II və III yerlərin qalibləri müəyyən edilərək diplom və mükafatlarla təltif olunublar.

“Narkomaniyanın fəsadları və ondan qorunmanın yolları” mövzusunda tələbələrlə maarifləndirici tədbir

News Image

“Narkomaniyanın fəsadları və ondan qorunmanın yolları” mövzusunda tələbələrlə maarifləndirici tədbir

20 aprel 2026-cı il tarixində “SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kolleci” PHŞ-də Risk qrupuna daxil olan yeniyetmə və gənclərin müəyyənləşdirilməsi, onların arasında zərərli vərdişlərə qarşı təbliğat xarakterli məlumatlandırma işinin aparılması məqsədilə “Narkomaniyanın fəsadları və ondan qorunmanın yolları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə kollec rəhbərliyi Sumqayıt şəhər Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin baş inspektoru, polis kapitanı Rəşad Dadaşlı ,inspektor polis leytenantı Orxan Əlizadə və tələbələr iştirak etdi.

“Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirici tədbir

News Image

“Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirici tədbir

10 aprel 2026-cı il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci PHŞ-də “Fövqəladə hallarla bağlı davranış qaydaları“ mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd fövqəladə halların baş verməsi zamanı düzgün davranış qaydalarının təbliği ,tələbə və əməkdaşların təhlükəsizlik sahəsində bilik və bacarıqların artırılması olmuşdur. Çıxış edənlər fövqəladə halların növləri ,baş vermə səbəbləri, belə hallarda operativ və düzgün davranışın əhəmiyyəti barədə ətraflı məlumat vermiş, həmçinin yanğın təhlükəsizliyi qaydaları izah edilmişdir.

Tədbirdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin Maarifləndirmə sektorunun müdiri Emin Ramazanov baş məsləhətçilər: Elçin Məmmədov və Kamilla Qədimova ,həmçinin FHN-nin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru ,daxili xidmət leytenantı Müşfiq İsmayılov iştirak etmişlər. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış ,mövzu ilə bağlı tövsiyələr verilmişdir.


NOVRUZ 2026

News Image

NOVRUZ 2026

18.03.2026-cı il tarixində Sumqayıt şəhərində Novruz bayramı münasibətilə keçirilən ümumşəhər tədbiri şəhərimizdə əsl bayram ab-havası yaradıb. Sumqayıt Bulvarında təşkil olunan bu rəngarəng və yaddaqalan tədbir milli-mənəvi dəyərlərimizin, qədim adət-ənənələrimizin və Novruzun ruhunu yaşadan zəngin mədəni irsimizin bir daha geniş şəkildə nümayişinə çevrilib. SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin rəhbərliyi, müəllim heyəti, tələbələri və kollec ictimaiyyətinin nümayəndələri də bu bayram tədbirində fəal iştirak ediblər. Tədbir çərçivəsində səsləndirilən milli musiqilər, təqdim olunan folklor nümunələri, maraqlı səhnəciklər, eləcə də baharın gəlişini tərənnüm edən müxtəlif kompozisiyalar iştirakçılarda xoş ovqat və unudulmaz təəssüratlar yaradıb. Bayram süfrələri, milli ornamentlərlə bəzədilmiş guşələr, xalq yaradıcılığını əks etdirən nümunələr və şəhər sakinlərinin yüksək əhval-ruhiyyəsi Novruzun birlik, bərəkət və yenilənmə fəlsəfəsini bir daha göz önünə sərib. Novruz bayramı sadəcə təqvim bayramı deyil, həm də xalqımızın birlik və bərabərlik duyğularını gücləndirən, insanları xeyirxahlığa, paylaşmağa, yeniliyə və mənəvi saflığa səsləyən müqəddəs bir dəyərdir. Bu mənada, Sumqayıtda keçirilən ümumşəhər Novruz tədbiri şəhər sakinləri, qonaqlar, gənclər və təhsil ictimaiyyəti üçün həm mədəni, həm də mənəvi baxımdan olduqca əlamətdar olub.